28.09.2012
...
35, Roseau, Доминика

Xəbər gələr daha ömrün qışından,
Soyuyursan -
saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən
köhnə məktublar düşər.
Əyilэrsən, götürərsən gizlicə,
boylanarsan -
arvad-uşaq görməsin.
Çəkilərsən otağın bir küncünə,
gizli-gizli oxuyarsan hər sözü.
Bu nə sevgi məktubudu, ilahi,
indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, ilahi?
Yaddan çıxıb sifəti də, üzü də.
Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən - qaşı düşər yadına,
Bir hərfdən - gözü düşər yadına.
O gözlərdən yadigartək varaqda
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən.
Diksinərsən, boylanarsan qapıya;
"o kölgəni arvad-uşaq gördümü?!"
Tez məktubu atarsan külqabıya,
yandırarsan hər sözünü, sətrini.
Sözlər yanar - kağızı da yandırar,
Sözlər yanar - o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca -
basar səni soyuq tər.
Sıra-sıra qara qarışqalartək
Qaçıb gedər qara-qara hərflər.
Təkcə o qız qaça bilməz bu oddan.
Bir quş olub uça bilməz bu oddan.
O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb
Yanar, yanar uzun-uzun telləri.
Yanar bir vaxt saçlarını oxşayan
Uzun-uzun barmaqları, əlləri.
Oqız yanar -
ərşə çıxar tüstüsü,
Kağız yanar -
külqabıda küllənər.
Qəfil birdən
külqabının içindən
Yerə düşüb bie üzük diyirlənər.
Lap özünü itirərsən-baxarsan,
O üzüyü götürərsən-baxarsan;
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qıza haçan üzük vermisən?
na üzük verməmisən bəlkə heç.
Arvadın da qəfil girər qapıdan:
- Əlindəki nədi? - deyər.
- Üzükdü.
- O üzüyü nə yaxşı ki tapmısan,
neçə vaxtdı, itirmişdim, gəzirdim.
Sonra gələr, səndən alar üzüyü:
- Bunun rəngi niyə belə qaralıb?
Barmağına güclə salar üzüyü:
- Elə bil ki, bir balaca daralıb.
Külqabıdan tüstü qalxar hələ də,
o məktubub külü hələ işarar.
Maddım-maddım durub baxar arvadın,
o tüstüdən bir cüt gözü yaşarar.
- Heç olmasa pəncərəni aç, - deyər,-
burda necə oturmusan sən, necə?!
Bu nə yanıq qoxusudu, ilahi,
elə bil ki, adam yanıb indicə...

13 views
 
Коментари
Marius 28.09.2012

cooooxx gozeldi super,tesekkur Cici

Blog
Blogs are being updated every 5 minutes