CENİFER LOPEZİN "CEHİZ"İ
39, Mount Kapaz, Aserbaidžaan

Yəqin ki, məzlum sadə insanlarımız bu adı eşidəndə "başıma qaynar suyu tökürlər" deyimini dodaqaltı deyinirlər. Dodaqaltı ona görə deyilir ki, tolerantlığımıza xələl gəlməsin. Çünki, "abırlı" xarici qonaqlarımızın yanında açıq-aşkar deyinmək tolerantlıq abrımızı aradan apara bilər. Lopez adı kasıb camaatın düşünən təbəqəsini niyə axı bu qədər incidir? Nə edib axı?! Yazıq qız 65 yük maşını, 5 təyyarə ilə bütün evində-eşiyində nə varsa, yığıb töküb Bakıya. Üstəlik də 500 nəfər bığıburma "cayıl" oğlanları gətirdiyi "cehizlərini" yerbəyer etmək üçün yanında gətirib ki, "oğlan" evində əziyyət çəkilməsin.

Söz yox, C.Lopezi bura dəvət edən təşkilatlar da heç də onun yanında xəcalətli qalmayıblar, cəmi cümlətani 3-4 milyon manat yol haqqı veriblər. Həə deyəsən, illərlə nimdaş paltarlarını başının üstündə dam örtüyü kimi istifadə edən yazıq qaçqınlarımız və onlardan da betər kasıbçılıq bəlası ilə uzaq kəndlərdə yaşayan insanlarımız elə bu milyonların adını eşidəndə öz qəzəblərini boğa bilmirlər. Bir öz yaşayışlarına baxırlar, bir də məmurların bu qədər pulları gah "Eurovision"a, gah ölkənin dünyada yaxşı görünməsi üçün hansısa üzdəniraq müğənnilərə milyonlar bəxşiş etməsinə baxaraq, od tutub yanırlar. Görəsən bu düşüncəni kim təlqin edib bəzi məmurlara? Bu xalqı, bu ölkəni məgər yalnız C.Lopezlərin vasitəsilə, yaxud hansısa öz müğənnilərimizin bağırması ilə dünyaya çatdırmalıyıq məgər?!

Bu gün dünya öz elmi-texnoloji nailiyyətləri ilə tanınmaq üçün rəqabətə gedir, bəyənmədiyimiz bəzi ölkələr bu gün Marsa adam göndərməyi düşünür, biz isə özümüzün olmayan, xarici ölkələrdən aldığımız hərbi helikopterləri belə havaya qaldırmağa cəsarət etmirik. Dünyadan bu anormallıqlar çox gözəl görünür. Biz yalnız Cenifer Lopezin təyyarələrini havada uçmasına təkan verə bilirik. Bunu da o özü daha yaxşı bacarır, lakin, bizə də lütf edib yanacaq pulunu verməyimizi tövsiyə edir. Belə də tanınmaqmı olur? O hansı dünyadır axı, bizim kimiləri belə tanımaq istəyir? Dünyanın ən çox gündəmində olan dövlət və qitələrinə nəzər salsaq, hansılar Lopezə 4 milyon verir ki, gəl ölkəmdə 3 gün qal, məni başqa ölkələr tanısın? Bəlkə də hansısa ölkə edə bilər. O ölkədə ki, qaçqınlar, öz kəndlərində körpələrini qoyub bir tikə çörək üçün paytaxta qaçan atalar, analar olmaya. Amma bizə belə addımlar nə dərəcədə uyğundur?! Bunu düşünməliyik.

Bu gün dünyanın gündəmini müəyən edən ölkələr - ABŞ, Rusiya, Avropa dövlətləri, Yaponiya, Çin, Türkiyə, İran və yaxud “Ərəb baharı”nın qəhrəmanları özlərini nə ilə tanıtdırırlar? Bəlkə bunlar arasında bizə uyğun olan müsbət əlamətləri götürək? Avropada küçələrə daş döşəndiyini görüb, paytaxtımıza da eyni formalı daşların düzülməsi ideyasını müsbət dəyərləndirmək lazımdır. Deməli, istəsək həm müsəlman, həm də Qərb ölkələrindən müsbətlikləri özümüzə gətirə bilərik. Ancaq istəmək lazımdır. Ümid Allahadır.

Hadi Müntəzir,

/Deyerler.org/

6 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.