İki dünya xoşbəxtliyini qazandıran proqram.Dushunen insanlar ucun!
39, Mount Kapaz, Aserbaidžaan

Bu gün elə bir proqram haqqında bəhs etməyi nəzərdə tutmuşuq ki, bu proqram ariflərin, yəni Allah tanıyan insanların ümmətə tövsiyyəsidir. Ariflərin nəzərində bu proqram əgər deyildiyi kimi riayət edilsə, insanı bu dünyanın da, o dünyanın da, xoşbəxtliyinə qovuşdurar. Bəzi insanların iddiasına görə, insan ancaq bu dünyası üçün çalışmalıdır və bu dünyanın xoşbəxtliyini qazanmalıdır. O insanlar müddəidirlər ki, insan gərək nəqd olana üz tutsun. Bu insanlar İslamın, Quranın “o dünya” adlı bir mülkün olduğunu təsdiqləməsindən xəbərsizdirlər. Bunu iddia edən dəstədən əlavə də, bir dəstə insan var ki, onlar bu dünyanın varlığına da inam bəsləyir, o dünyanın da. Amma, o dünya anlayışını olduğu kimi qəbul etmirlər. Məsələn, düşünürlər ki, bu dünya insanı ilə o dünya insanı ayrı-ayrı insanlardılar. Yəni, ya bu dünyanın insanı olmalısan, ya o dünyanın. Sanki bu insanların nəzərində o dünya insanı bu dünyada yaşaya bilməz, bu dünyanın nemətlərindən bəhrələnə bilməz. O dünyanın insanı bu dünyanın havasına, suyuna öyrəşə bilməz.

O dünyanın insanı anlayışı...

Əslində “o dünyanın insanı”nı olduğu kimi anlamayanlar “o dünyanın insanı”nı hansısa planetdən gəldiyini demirlər və məqsədləri yad planetdən gələn və bizə məlum olmayan yaratıqlar deyil. “O dünyanın insanı” yəni, mömin insan, yəni Axirəti üçün çalışan insan. O dünya yəni, Axirət dünyası. Bu dünyasını o dünyasına satmayan, bu dünyasında o dünyası üçün çalışan, bu dünyada o dünyasını məhv edəcək işlərdən çəkinən insan. Budur “o dünyanın insanı!” Bu insanların bərabərində bir dəstə insan da var ki, onlar dini yaşamağa çalışırlar, amma, cəhl ucbatından, xəbərsizlik ucbatından bu dünyanı tamamilə tərk ediblər. Vücudi olaraq dünyadadırlar, yaşayırlar, tənəffüs edirlər, qidalanırlar. Amma, elə bilirlər ki, o dünyanı qazanmaq üçün bu dünyadan imtina etməlisən. Çox zaman zahidlik, zöhd, təqva, mərifət barəsində danışarkən bu mövzu gündəmə gəlir. Belə insanlar bilmirlər zahid necə olur, zöhd nə olan şeydir, mərifətullah nədir. Hələ, Allaha şükrlər olsun ki, müstəqilliyimizə qovuşduqdan sonra çox şey öyrənə bildik. Alimlər bu istiqamətdə bütün səylərini ortaya qoyub həqiqi İslam məarifindən cəmiyyəti xəbərdar etdilər.

Amma, təəssüf ki, hələ də, insanların bir çoxu bu məarifdən xəbərsizdirlər. Hətta, dindar kütlənin içində də, belələrinə rastlamaq olar. Onlar dindar olmayan insanlara da bir mənada pis örnək olurlar. Əgər, biz nəzərə alsaq ki, cəmiyyəti din, dinə bağlı, Allahpərəst insanlar xilas edə bilərlər, o zaman diqqətli olmaq lazımdır. Bu gün cəmiyyətdə dindarın yol verdiyi ən xırda hərəkətlər belə, cəmiyyət tərəfindən həssaslıqla və diqqətlə izlənilir. Özü hər gün min cür günaha yol verən, fasiqliyini və fasidliyini açıq-aşkar edən bir insan özündə səhv görmür, özünü danlamır, amma, dindarın bir səhv hərəkətinə görə, dini qınayır.

Müqəddəs proqram.

Allahşünasların, yəni Allaha mərifət olan insanların məsləhət gördüyü bu proqram çox nurani, çox bərəkətli proqramdı. Hətta, mən deyərdim çox müqəddəs bir proqramdır. Çünki bu proqram vəsiləsiylə insan müqəddəs dinin yaşanmasında vasitəçi olur. Bu proqrama əməl edən insanlar İslam dininin yaşamasında, çiçəklənməsində vasitəçi ola bilərlər “Çiçəklənməsi” sözü səhv anlaşılmasın. İslam zatən, nə qədər lazım idisə, o qədər çiçəklənib. Bu sözdən məqsəd, dinin düzgün anlaşılması və get-gedə dünyaya bu günkündən daha çox yayılmasıdır. Bu proqramın ana mahiyyəti-bildiyinə əməl etməkdən ibarətdir. Bu proqramın adı- “bildiyinə əməl et!” proqramıdır. Dövrünün ariflərindən olan rəhmətlik alim Muhəmmədtəqi Behcət Ağa buyurardı ki, kamil arif olmaq üçün bildiyinə əməl etməlisən. Hətta, arxayınlıqla, tərəddüd etmədən buyurardı ki, başqa nəsə dua oxumaq, özünü zəhmətə salmaq lazım deyil, bildiyinə əməl et, Allahın mərifətinə çata bilərsən.

Çox ibadət etməklə Allahın mərifətinə çatmaq olmaz. İmanın güclülüyünün meyarı gecə namazlarını qılmaqdan, ümumiyyətlə, çox namaz qılmaqdan dizlərin şişməsində deyil. Ola bilər arif olan bir insan heç ömrü boyu dizləri şişənə qədər namaz qılmasın. Amma, başqa bir insan bunu etsin, amma arif olmasın. Niyə? Çünki meyar kəmiyyət yox, keyfiyyətdir. İmanın güclülüyünün meyarı günahlardan çəkinməklikdədir. Bilirsən zina haramdır, bildiyinə əməl et, çəkin ondan! Bilirsən, şərab içmək haramdır, ictinab elə ondan. Meyar budur. Bəlkə, gecə namazları və müstəhəb ibadətlər, nafilə namazlar əməllərin rövnəqlənməsindən ötrüdür.

Gərək, belə məqamlarda ayıq-sayıq olasan. İblis lənətliyin fitnələrinə uymayasan. İblis yalan danışmağı bəzəyib insana gözəl göstərə bilər. İnsan mümkündür ki, fikirləşsin ki, beş ildir ardıcıl gecə namazları ilə məşğulam. Hər günün nafiləsini də, əda edirəm. İndi oldu bir yalan danışdım. O qədər ibadət və bəndəlik müqabilində Allah keçməz bir yalandan? Əslən, bəndəlik gecə namazlarının qılınmasında yox, yalandan ictinab etməkdədir. Bu bilirsinizmi hansı misalla aydınlaşar? Bir var, doğru söz deyirsən. Bir məsələ çıxır ortaya və sən də, düzünü danışırsan! Bir də var ki, sən düz söz qarşısında boyun əyirsən, təslim olursan düz sözə. İnsanın kimisə düz söz qarşısında diz çökdürməsi onun başını uca edər və o insan sevinər ki, kimisə düz söz önündə təslim etdim. Amma, insana bir az çətin gəlir ki, düz sözü qəbul eləsin. Ədalətli, həqiqətli söz acı olur və onu qəbul eləyən indi çox azdır. Amma iman nişanələrindən biri odur ki, sən düz sözü qəbul edirsən. Necə deyərlər, sınırsan düz söz qabağında. Ədalətli söz önündə nəfsini sındırıb ədalətə tabe edirsən.

“Bildiyinə əməl et!”, yəni nə?

“Bildiyinə əməl et!” proqramı özündə bir neçə mənalar gizlədib. Bu mənaları aşağıdakı kimi qeyd etmək olar;

1. İslam ağır, çətin din deyil; Bu proqram İslam dininin çətin, ağır, dözümləz bir din olmadığını təlqin edir. Bəziləri düşünsə də ki, İslam dininin göstərişləri çox ağırdır, çox məsuliyyətlidir. Amma, əslində bu proqram onu sübuta yetirir ki, bu iddia puç iddiadır. Və İslam dinində, ariflərin proqramında gördüyümüz kimi hər şey sadədir, nəyi bilirsənsə, ona əməl etmək buyurulub. Nəyi bilirsənsə, ondan məsulsan və bilmədiyin məsələlərdə vəzifən yoxdur! Allah-Təala buyurur ki, mən bəndəmi ancaq qaldıra biləcəyi qədər yükləyərəm, qüdrəti çatmadığı yükün altına salmaram onu. Bu da, Allahın həm ədalətli və həm də, mərhəmətli olmasından doğur.

2. Elm və iman vəhdəti; Bu proqramda elm və iman yan-yana durmuşdur. Gördüyümüz kimi əvvəlcə elm gəlir, yəni bildiyin, öyrəndiyin, barəsində elmin, biliyin olduğu məsələlər. İkinci dərəcədə isə iman, yəni, əməl etmək. Bu gün hansı din alimindən soruşsaq, elmin imansız (əməlsiz) imanın da elmsiz faydasız olduğu qənaətinə gələcəkdir. Çünki bu İslamın sözüdür. İslam bizə bu iki şeyi birlikdə tapşırır və bəşər övladının bu iki nemətin vəhdətindən inkişaf və tərəqqi edəcəyini bildirib. Elm olmazsa, ibadətin faydası olmaz, ibadət olmazsa, elm öyrənmək bifaydadır. Bir məqamı da, vurğulamaq lazımdır ki, o kəslər ki, İslam dininin gerici din olmasını, savadlanmağın qarşısını aldığını, cəhalət dini olduğunu iddia edir, onların iddiasının əsassız olduğunu və əsassız iddianın şər, quru böhtan olmasını bu proqram tam çılpaqlığı ilə ortaya qoyur.

3. Bilmədiyini öyrən; Bu proqram onu təlqin etmir ki, bildiklərin kifayətdir, bilmədiyini öyrənməsən də, olar. Təkcə, bildiyinə əməl et, bu bəsdir. Yox, əslən və qəti belə deyil! Bu o mənadadır ki, onu ki, bilirsən, buyur əməl et, onu ki, bilmirsən, onu da öyrən. Bilmədiyin nə isə varsa, öyrən və əməl et!

“O dünyanın insanı” bildiyinə əməl edəndir!

Əvvəldə sözünü etdiyimiz “o dünyanın insanı” bildiyinə əməl edəndir. O, həm də, bu dünyanın insanıdır. Ariflərin “bildiyinə əməl et!” proqramı “o dünyanın insanı”nı bu dünyadan heç vaxt, heç bir vəchlə ayıra bilməz. Bəziləri, arif, zahid, zöhd, təqva dedikdə gözlərinin önünə başqa şey gəlir. Onlar bu dünyadan təcrid olunmuş, özünə xəlvət yer seçmiş, dünyanın gedişatından xəbərsiz, qafil, köhnə libaslı bir insan təsəvvür edərlər. Onlar təsəvvür edərlər ki, belə insanlar yenilikdən, çağdaşçılıqdan, müasir texnologiyadan qafildirlər. Amma, əslində belə deyil. Sadəcə ariflərin buyurduğu odur ki, insan günahlardan mümkün qədər çəkinsin. Vacib əməlləri yerinə yetirib günahlardan çəkinmək bu müqəddəs proqramın açarıdır.

Sadəcə mübarək dinimiz bizə öyrədir ki, bu dünyaya o qədər bağlanma ki, o dünyanı sənə unutdursun. Bu dünyanın o dünyanı qazandıracaq hər bir nemətindən istifadə edib bəhrələnməlidir insan. Amma, insana faydalı olan nemətlərdən. Allahın verdiyi nemətlərdən doğru-düzgün istifadə etməklə. Məsələn, Allah-Təala insan dünyaya gələndə, onun içində şəhvət qüvvəsini və nemətini verib. Bu, bir nemətdir, Allahın nemətidir. İndi bəndənin üzərinə düşən vəzifə odur ki, bu nemətdən yaxşı istifadə eləsin. Yaxşı, yəni, Allah buyuran kimi. Halal yolla, qanuni şəkildə istifadə etsə, o, bu nemətdən gözəl istifadə etmiş olar. Yox, qanunsuz yolla, haram məqsədlərlə, zinadan ötrü istifadə etsə, deməli, o özünü bu dünyaya, iblisə bağlamalı oldu. “Bildiyinə əməl et!” proqramı bunu öyrədir insana.

Bu proqramla qəflət etmək bir-birinə ziddir.

Bəzi insanlar ki, deyirlər ariflər, zahidlər dünyanın gedişatından xəbərsizdirlər, onlar dünyadan cərəyan edən hadisələrdən qafildirlər. Bu, doğru iddia deyil. Əgər, hər kim belədirsə, o həqiqi zahid və arif ola bilməz. Çünki qeyd etdiyimiz kimi, ariflər “bildiyinə əməl et!” buyururlar. Deməli, ilk növbədə bilmək, maraqlanmaq gəlir. Bir insan maraqlanmazsa, bilə bilməz və maraqlansa, bilsə, qafil olmağı mümkünsüzdür. Mərifətin nə olduğunu düzgün anlamayanlar ancaq bir xəlvət yerə çəkilib ancaq namazla, orucla, zikrlə məşğul ola bilərlər. Amma, ibadət geniş anlamdır. Təkcə namaz və orucla hüdudlanmır. Bunu isə ən gözəl mərifət sahibləri bilirlər. Onlar İslam dünyası ilə maraqlanırlar. Dünyada baş verən hadisələrdən agahdırlar. Çünki mütləq mənada tərki dünya deyillər, tərki-cəmiyyət deyillər. Dünyanın pisliklərindən, cəmiyyətin fəsadlarından özlərini qorumağı bacarırlar.

Bir neçə il əvvəl Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah Ayətullah Behcət cənablarının vəfatı ilə bağlı başsağlığı ünvanladıqdan sonra, bildirmişdir ki, 33 günlük haqq-batil müharibəsi zamanı ilk olaraq Hizbullaha qələbə müjdəsini məhz, Ayətullah Behcət cənabları vermişdir. Hadisələrin əvvəlində, hadisənin haqqın xeyrinə sona çatacağını öz bəsirət və uzaqgörənliyi ilə bildirmişdi. Allahın mərifət sahibi olan Behcət Ağa. Allah ona və bütün dünyasını dəyişmiş mərifət sahiblərinə rəhmət eləsin, məqamlarını artırsın! Amin!

Allah bizləri Onun (c.c) mərifətinə çatanlar qərar versin, dünya və Axirətdə mərifətin qaynağı olan Quran və Əhli-Beytdən (ə) ayrı salmasın! Amin!

Q. Səfərov. 28 Avqust 2012 www.ihq.az

5 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.