Qulluq minnəti və ya şükrə dəvət...
32, Sumgayit, Aserbaidžaan

Aləmləri qüsursuz yaradan yeganə sahibi Allah Təalanın adı ilə başlayıb, onu bütün nöqsan sifətlərdən tənzih edərək dinimizin təməli olan namazın əhəmiyyəti barəsində həm rəbbimizin ayələri, həm hədis ədəbiyyatı, həm də mübarək alimlərimizin düşüncələrini Azərbaycan reallağına daşımağa çalışıcağıq. Şübhəsiz uğurumuz Allahdan, qüsurumuz nəfsimizdəndir.


İnsan övladı yaradılış etibarı ilə nəfs, iradə, düşüncə v.s. bu kimi xüsusiyyətləri ilə bütün varlıqlardan fərqləndirilmişdir. Bu fərqlilik özü ilə yanaşı ona yer üzündə üstünlük verir. Bütün məxluqatdan üstün olma imkanı:
“(Ey Rəsulum!) Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam", - dedikdə (mələklər): "Biz sənə şükr etdiyimiz, şəninə təriflər dediyimiz və səni müqəddəs tutduğumuz halda, sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?"- dedilər. (Allah onlara:)"Mən bildiyim şeyi siz bilmirsiniz!" - buyurdu.”[1]
Bu üstünlüyü ən şərəfli varlığına verən Aləmlərin Rəbbi mələklərin verdiyi sualın həqiqətini əlbəttə ki bilirdi, fərqli təfsirlərə görə bu sual mələklərin əvvəlcədən onlardan fərqli varlıqların yaradılış etibarı ilə üsyankar, nifaq törədən olduğundan qaynaqlanırdı. Həmçinin yeni yaradılan, Aləmlərin rəbbinin yer üzərindəki xəlifəsi məsum deyildi, nurdan da yaradılmamışdı. Müxtəlif rəngləri, müxtəlif xüsusiyyətləri özündə daşıyan torpaqdan yaradılmışdı. Torpaq da əkin, münbit, şoran, qəhvəyi, sarı, boz olduğu kimi bu xüsusiyyətlər də ona keçmişdir.
“İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan yaratdı.”[2]
Xəlifəlik - aləmlərin rəbbinin yer üzərindəki xəlifələyi nurdan yaranan mələklərə verilmədiyi halda torpaqdan yaranan insana verildi. Ən üstün kərəm sahibi haqqımız olmayan ən üstün vəzifəni bizə verir, əvəzində isə ona heç bir tanrını, tanrılaşdırılmış hər hansı bir şeyi[3] şərik qoşmamağı, kəlimeyi şəhadət gətirərək dininə girməyi, heç bir məcburiyyət olmadan dinini seçməyi amma seçdikdən sonra həqiqətən dininə sahib çıxmağı istəyir.
“Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib, Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olar. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!”[4]
Qismətimizə yazılan uzun faydasız və yaxud qısa yadda qalan ömrümüzdən ibadətlərimiz bəlkə də üst-üstə toplansa gündə bir saatımız, ildə bir ayımızı, illik gəlirimizdən az bir qismini, doğru, dürüst, sadiq olmağı, sözündə durmağı, qürurlu və yeganə şükr sahibinə qulluq etməklə bütün yalançı qulluqlardan azadedir bizi. Şükrə şükrlə, yaxşılığa yaxşılıqla, hörmətə hörmətlə qarşılıq verildiyi halda nədənsə hər şeyimizi yaradan, qüsursuz xilqətimizi, gözümüzün nuru övladlarımızı, hər şeydən çox sevdiyimiz mülkü bizə verən rəbbimizə layiq şəkildə nə üzərimizdə olan vəzifəsini, nə də dininə özümüzü mənsub edərək həyatımızı ona layiq yaşamaq istəmirik. Çox vaxt da ən tutarsız təsəllimiz qəlb təmizliyi, “özümüz təyin etdiyimiz” vaxt bolluğu, ildə bir dəfə bir yetimi sevindərməyimiz, ya da bir aydan bir ziyarətgahda 5 və ya 10 dəqiqə etdiyimiz dualar olur. Qəribədir, insan övladı özü inanmadığına özünü inandıraraq olduğu kimi yaşamağa deyil, yaşadığı kimi olmağa çalışır. İddiasını da Allaha olan imansız sevgisi, inancsız müsəlmanlığı və əməlsiz ibadətləri ilə sübut etməyə çalışır. Halbuki hər şeyin sübutu var Rəbbimiz buyurduğu kimi:
“(Ey Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!"[5]
İstəyimiz minnətimizlə qulluq borcunu zəiflədən yaxud da bunun fərqinə varmayan insanları nəfislərini silkələmək deyil, ancaq bunu özləri də nə vaxtsa etməli və həyatda olan ən böyük borclarının fərqinə varmalı olduğunu bildirməkdi. Nə isə mən davam edirəm özüm də daxil olmaqla hər birinizə qulluq minnəti qoymağa. Eybi yox minnət günahı qazanmağa razıyam nəticəsi xeyirli olacaqsa, özünüz dediyiz kimi günahı mənim boynuma. Beləcə həyatımızın qısa olduğundan, vaxtımızın azlığından şikayətlənirik çox vaxt. İddia edirik ki, hələ vaxtım yoxdur, inşallah müsəlmanam, amma həqiqi müsəlman olmağa 3 və ya 4 ildən sonra başlayacam. Hətta özümüzü hər şeyə hazır bildiyimiz halda ən pak əməllərə, ruhumuzun təmizlənməsinə, mənəviyyatımızın yüksəldilməsini nəfsimizi hazır bilmirik. “40”dan sonra psixologiyası ilə ömrümüzü davam etdiririk, gündə vaxt yoxluğundan şikayət edərək saatlarla baxdığımız verlişlərlə, seriallarla, həyatımızı istədiyi kimi idarə edən şou biznes xəbərləri v.s.-lərlə. Bir dəqiqəsini belə qaçırmırıq gəncliyimizi, düşüncəmizi yaşanmayan qərb, Braziliya adətlərinə bağlayan kinoların, ya da idman, əyləncəvi oyunların. Maraqlıdır o an, bəhanəmiz haqda fikirləşirik, yəqin onda da bir bəhanə tapırıq özümüzə. (Nə olduğunu bilmək istərdim?)
İllərin çətinliyinə qatlanan nəfsimiz bəzən gün ərzində bir saatlıq namaz kimi peyğəmbərimizin gözünün nuru adlandırdığı ibadəti yerinə yetirməyə çətinlik çəkir. Həqiqətənmi çətindir səni Yaradana səcdə edərək, hər səcdə ilə Onun nəzdində yüksəlmək, yoxsa həqiqətən çətindir namazda qiyama durmaqla bütün əzəmətli dağlardan da Allah qatında ucalmaq, yoxsa hər rəkatınla onun rəhmətini qazanmaq və ya hər namazınla cənnətinə daha da yaxınlaşmaq. Yoxsa cənnətimiz dünyamızdır deyirsiniz, bəlkə artıq özünüzü cənnəti qazananlardan hesab edirsiniz hər bir halda “ürəyi təmizlik” psixologiyasının banisi kimi bunu iddia edə bilərsiniz. Allah rəsulunun (s.a.s.) qəlbi belə sizinki qədər təmiz olmadı ki, ibadətdən azad ediləydi, gündüzü orucla gecəsi namazda keçməyəydi. “Hz.Aişədən rəvayət olunan hədisi şərifə görə Peyğəmbər Əfəndimiz (s.a.v.) gecə boyunca ayaqları şişənə kimi namaz qılardı. Bir dəfə ona niyə görə belə edirsən, məgər Allah sənin keçmiş və gələcək günahlarını bağışlamamışdır? sualını verdim. Allah rəsulu da: Ey Aişə şükr edən qul olmayım?” cavabını verdi.”[6]
Allah rəsulu (s.a.s.) qulluğun ölçüsünü bu şəkildə ifadə edir. Yaradana şükr edən bəndə olmayımmı, adına və adıma yaraşan qulluq etməyimmi, ona olan yaxınlığımı daha da artırıb, həqiqi sevgisini qazanmayımmı!? Yox deyənlərə verilən cavab əlbəttə hər kəs özünə yaraşanı və özünə yaraşdırdığını qazanar, cavabı verilər.
Sual oluna bilər niyə görə ibadətlər içində ən çox üzərində durulan namazdır? Təbii ki cəmiyyətin sağlam təminatı, siniflər arasındaki uçurumu, varlı kasıb arasındakı uzaqlığı aradan qaldıracaq zəkat, sədəqə ədəbidir, bir aylıq nəfsimizi hər şeydən imtina etdirmək, yemə içmə, hər şeyi məhrum etmək üçün Ramazan ayı və ömrümüzdə bir dəfə imkanımız olaraq həcc ziyarətini icra etməkdir islamın 5 əsas təməli arasında gələnlər. Hər biri qarşılıqlı köməkləşməni, birlik şüuru içində olmağı, öz haqqlarınla yanaşı din qardaşlarının da, insanların da haqqını fikirləşməyi aşılayır insana. Cəzaları ilə cəmiyyətimizin xeyrinə 3 və ya 60 nəfər acı doydurmaqla, 1 qul azad etdirməklə v.s. hökmləri ilə birinə haqqı olan cəzanı verərkən, digərinə də ehtiyacı olan neməti verdirir dinimiz bütün ibadətləri ilə yanaşı. Namazlarımızda isə bütün bunlar var, həm şükr, həm təfəkkür, həm yüksəliş, həm rahatlıq, həm təsəlli və daha nələr. Hər kəs yatarkən, ya da ən çıxılmaz anlarında Aləmlərin Rəbbindən kömək istəmək, ona sığınmaq, onun sevgisini qazanmaq və ona layiq qul olmaqdan üstün bir şey ola bilərmi həyatda “müsəlman” üçün? Artıq həqiqi, yalançı demirəm sadəcə müsəlman üçün? Əlbəttə olmaz, olmaması üçün də Allahın əmrinin bütün həyatımıza sirayət etməsi, bütün həyatımızı bürüməsi lazımdır. Gündəlik 5 vaxtı ilə günümüzün ən dəyərli vaxtlarını ən bərəkətli şəkildə keçirməyi və bölməyi təmin etməlidir, əksiltmədən qılacağımız namazlar. Bizə unutduğumuzu xatırladan deyil, düşündüyümüz bütün şeyləri unutduran olmalıdır namazlarımız və hər birimizin nəfsinə nüfuz edərək onu pisliklərdən çəkindirməlidir: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdəyada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!”[7]
Bütün bu dəyişmə və müdaxilə də rəbbimizin iradəsi və bizim istəyimizlə baş verir. Hər şeyə qadir olan Rəbbimiz insanlara nəfs, iradə, seçmə imkanları verdiyi üçün məcburi bir şeyi bizə etdirməz. Hidayət, ibadət və təslimiyyətin hamısı da bunların içində gəlir. Bu bizim istəyimiz və iradəmizlə həyata keçir və bunun nəticəsində deməkdən yorulmadığımız “qurban olduğumuz” Allahdan haqqımız olanı istəməliyik. İllərlə Allah qatında ən dəyərli insanın - inadkar günahkara, asiyə (hidayətdən başqa hər şey istəyənə) etdiyi duaların heç bir təsiri olmaz. Hətta bu cür dualar peyğəmbərlərə də qadağan olunmuşdur, faydasız olması yönündən, onları da günaha götürəcəyinə görə. Heç arzulamırıq da aramızda qəlbləri möhürlənmişlərin olmasını, heç olmaz ümidindəyik.
Bundan əlavə namazlar həyatımızda mənəvi qida kimi qiymətləndirilməlidir. Ruhumuzun mənəvi qidası, gündəlik 5 vaxtlıq qidası. Vücudumuz necə gündəlik maddi qidasını tələb edir və təmin olunmadıqca bütün kobudluqları, ədəbsizliyi və bir sözlə bizi hər şeyə vadar etmək iqtidarındadırsa, eyni ilə də ac qoyduğumuz nəfsimiz, ruhumuz mənəvi yöndən bizi hər bir gözlənilməyən hərəkətə sövq edə bilər. Dinimizi ələ salmağa da, Allahın əmrləri ilə zarafat etməyə də, istənilən an yalan danışmağa da, usanmadan qeybət etdirməyə də, ona buna iftira atmağa da və daha nələrənələrə ki, Allah qorusun! Hər birimiz yeməyimizn ən bərəkətli, ən yaxşısından,təzəsindən olmasını istədiyimiz kimi, bənzətməmiz məcazi olsa da mənəvi həqiqəti əks etdirərək namazları da o şəkildə qılmağa bizi sövq etməlidir. Vaxtında olsun, bütün rükunları yerli yerində olsun, sünnətləri də qılım, gecə namazına qalxmağa da çalışım, zikrlərimi əksiltməyim, heç tövbə edib rəbbimin sevgisini artırmadım sual və istəkləri ilə əvəz olunmalıdır, maddi qidadakı sual və istəklər əvəzinə. Həqiqətən namazlarımızın əhəmiyyəti və üzərimizdəki təsiri ona nə qədər əhəmiyyət verməyimizdən və həyatımıza nə qədər girməsinə icazə verməyimizdən asılıdır. “Əbu Hureyrədən gələn rəvayətə görə Peyğəmbər Əfəndimiz (s.a.s.) belə buyurdu: Müsəlman (və yaxud mömin) qul, dəstəmaz aldığı an üzünü yuyarkən, tökülən o su ilə və yaxud suyun son damcısı ilə birlikdə gözü ilə işlədiyi bütün günahlar tökülər. Əllərini yuyarkən, əlləri ilə etdiyi günahlar o su ilə və yaxud suyun son damcısı ilə birlikdə tökülər. Günahlardan təmizlənmiş olaraq çıxar. Ayaqlarını yuyarkən ayaqları ilə işlədiyi bütün günahlar o su ilə və yaxud o suyun son damcısı ilə birlikdə tökülər. Sonunda bütün günahlardan təmizlənmiş olar.”[8]
Xüsusi olaraq ibadətlərimizlə əlaqədar ən çox şikayət etdiyimiz, ya vaxt, ya məkan, ya təmizlik, ya da özümüzü inandırdığımız, ya da həqiqətən olan səbəblərdir. (çox vaxt da bəhanələr) Bizi bizdən yaxşı bilən yaradan ehtiyaclarımızı, zərurətlərimizi və imkanlarımızı da bacarığımız və gücümüzə uyğun olaraq yaratmışdır. Vaxt darlığında namazlarımızı birləşdirərək qılmağa, səfərdə səfəri olan üçün bir hədiyyə kimi qısaltmağı, su olmayan yerlərdə torpaq vasitələrindən təyəmmüm almağı, məkan darlığında oturaraq ya da uzanaraq işarələrlə namaz qılmaq, bunun bariz örnəyidir. Sanki rəbbimiz təki qulum istəsin mən ona istəyini ən rahat şəkildə icra etməsinə kömək edərəm. Bunun Aləmlərin Rəbbinə ehtiyacı varmı sizcə bir cılız, günahkar, öz-özünə dəyər verməyən qulun gündə bir saatlıq ibadəti. Əlbəttə yox, Rəbbimiz heç nəyə ehtiyacı olmayan saməddir, ehtiyac sahibi olan bizik.
“Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)”[9]
Namaza niyyət edənlərin də unutmayacaqları şey, ibadəti ixlas və səmimiyyəti ilə ancaq Allaha məxsus etməkdir. Nə ruzi gətirmək, nə duaların keçərli olması, nə “hacı”, “məşhədi”, “kərbəlayı” namaz qılanlardan, nə də maşallah namaz əhlidir deyilməməsi üçün əməl olunmalıdır dinimizin təməl sütununa. Allah qullarına rəhmətini dünyada istədiyi kimi bölüşdürdüyü kimi, nemətini də istədiyi kimi bölüşdürmüşdür. Bu bölünməni nə minnətlə edilən ibadətlər, nə də görünüş üçün qılınan namazlar dəyişdirər. Olduqca ibadət edənin kasıb olmasının və eyni ilə olduqca asinin zəngin olmasının da hikməti budur. Dünya rəhmətini qazanaraq məhdud olanı, əbədi olan cənnət nemətinə dəyişməz ağıllı insanlar. Hər kər həyatda daha çox qazanmaq istəyir, insan nəfsi doyumsuzdur və bu qazancı istənilən şeydə olmasını istəyir. Amma unutmaq lazım deyil ki, əməllər niyyətə görədir. Hər kəs etdiyinin qarşılığını niyyətinə görə qazanar. Ad üçün edilən ibadətlər quruca ad, ləqəb, mənfəət üçün edilən ibadətlər sadəcə mənfəət gətirər. Həqiqi müsəlmana yaraşan isə ibadətlərini niyyətini sağlam edərək, rəbbinə məxsus etməsidir. Bərəkət, rəhmət və yüksəlişi ondan istəyib ondan əldə edərək yüksəlmək üçün.
Dünyanın ən zərif məxluqlarının da namazın təmizlik mərhələsindəki çətinlikləri dilə gətirməsi onları bəzən vaxtlı-vaxtında ibadətlərini yerinə gətirməkdən uzaq qoyur. Rahatlıq dini olan dinimiz insanın bütün hallarını nəzərə alır və onların xüsusi hallarında ibadətlərini saxlamalarını, namaz kimi təməl ibadətlərdə qəzaya qalmadan günahlarının bağışlanmasına və hətta kişilərə verilməyən haqqları onlara verir. Cənnət ayaqları altına sərilən analara layiq olan, cənnətlik həyat yaşamaqdır, mübarək ana paklığını ən gözəl şəkildə qorumaqdır. Buna bütün analarımız layiqdir, Allah hər birinin məkanını cənnətlik etsin! Amma duaların da qəbulu rəbbimizin təqdirinə və haqqında dua olunanların istəyinə bağlıdır. Analarımıza, xanımlarımıza layiq gördüyümüzü onlar da özlərinə layiq görüb, Allahın rəhmətini qatında olduqları dərəcələri artıraraq qazanmalıdırlar.
Fərqli yaş, düşüncə və qruplara müraciətlə apardığımız qısaca nəfs mühasibəsinin inşallah xeyrimizə olacağını ümid edərik. Hələ də ibadətsiz islamında inad edib, İmam Qəzzalinin dediyi kimi “İbadətsiz müsəlman nəfəs alıb verən bir xəstə kimidir. Onun həyat əlaməti sadəcə nəfəs almasıdır” dərəcəsində özünü saxlayıb mənə kifayət edər, vaxt var deyənlər varsa onları da öz inadlarına buraxırıq. Amma bir şeyi unutmayaq ki, həyatda ən çox aldandığımız və qədrini bilmədiyimiz nemətlərdən biri də zamandır. Əlimizdə olmayan keçən bir saniyəni belə geri qaytarmağa aciz olduğumuz zaman. Səcdəsi ilə nəzdində yüksəlməsini bizlərə sonsuz rəhməti ilə bəxş edən Aləmlərin Rəbbinə itaətsizliklə nəfsimizi ən üstün qulluq nemətindən uzaq qoymayaq. O qulluq ki, tək ona edilməklə bizi bütün qulluqlardan azad edər. Özümüzü varlığımıza qürur, nəfsimizə təskinlik, istəklərimizə sərhəd verən, şükrümüzü artırıb dünyadaki sonsuz zənn etdiyimiz nemətlərdən əlimizdə olanı ilə kifayətlənmə rahatlığını bəxş edən həqiqi nemətlərdən uzaq qoymayaq. Allah hər birimizi verdiyi nemətlərin haqqını bilənlərdən və haqqını verənlərdən etsin… Amin.

5 vaatamisi
 
Kommentaarid

Kommentaare veel ei ole.
Lisa kommentaar, ole esimene!

Päevikud
Päevikute uuendamine toimub iga 5 minuti tagant.